Ana səhifə > Üz səhifə / Əmrlər > "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu


9-10-2024, 12:45
Təhsil haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs;[1]
1.0.2. adlı təqaüd - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd;
1.0.3. adyunktura - hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi kadrların hazırlanması forması;[2]
1.0.4. akademiya - müəyyən sahə üzrə ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi; [3]
1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru;
1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi proseduru;[4]
1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;[5]
1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;
1.0.8-1. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır).
1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması;
1.0.10. dissertasiya - müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi;
1.0.11. dissertant - dissertasiya işini yerinə yetirən şəxs;
1.0.12. doktorant - doktoranturada təhsil alan şəxs;
1.0.13. doktorantura - ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı forması;
1.0.14. dosent - ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə;
1.0.15. elmlər doktoru - elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə;
1.0.16. evdə təhsil - müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması;
1.0.17. əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil;
1.0.18. fəlsəfə doktoru - elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə;
1.0.19. fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması;
1.0.20. fəxri professor (doktor) - elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professorlara və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi və elmi müəssisə tərəfindən verilən akademik ad (dərəcə); [6]
1.0.21. formal təhsil - təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması; [7]
1.0.22. gimnaziya - əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.23. informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;
1.0.24. innovasiya - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
1.0.25. institut (ali məktəb) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi; [8]
1.0.26. ixtisas - müvafiq təhsil haqqında dövlət sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növü; [9]
1.0.27. ixtisaslaşma - müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;
1.0.28. kampus - müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi);
1.0.29. kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi;
1.0.30. konservatoriya - musiqi sahəsi üzrə subbakalavr və yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi; [10]
1.0.31. qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;
1.0.32. lisenziya - təhsil fəaliyyətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən rəsmi sənəd; [11]
1.0.33. lisey - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsi;
1.0.35. magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi;
1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd;[12]
1.0.37. professor - yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi və elmi-pedaqоji kadrlara verilən elmi ad; [13]
1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması;[14]
1.0.39. sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması; [15]
1.0.40. subbakalavr - yüksək texniki peşə təhsili səviyyəsində və orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi;[16]
1.0.41. təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi;
1.0.42. tədris planı - müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;
1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;
1.0.44. təhsil investisiyası - təhsilin inkişafına sərmayə qoyuluşu;
1.0.45. təhsil proqramı (kurikulum) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
1.0.46. təhsil məhsulu - təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri;
1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;
1.0.48. təhsil müəssisəsinin muxtariyyəti - müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik;
1.0.49. təhsil françayzinqi - təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili və ya beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi;
1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi; [17]
1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.52. tyutor - ali təhsil müəssisəsində akademik məsləhətçi;
1.0.53. universitet - ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsi; [18]
1.0.54. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat – magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurum; [19]
1.0.55. təhsil xidmətləri – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi və təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlхalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlər.[20]
Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”“Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.[21]
2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.
Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. humanistlik - milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
3.0.2. demokratiklik - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;
3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;
3.0.4. millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
3.0.5. keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.0.6. səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
3.0.8. varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
3.0.9. liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
3.0.10. inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
Maddə 4. Təhsilin əsas məqsədi
4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Maddə 5. Təhsil hüququna dövlət təminatı
5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.[22]
5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.
5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
5.5. Dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır.
5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır.
5.7. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir.
5.8. Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir.
Maddə 6. Təhsil sahəsində dövlət standartları
6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.
6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.
6.3. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. [23]
6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur.
6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür.
6.7. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları müəyyən edilir. [24]
Maddə 7. Tədris dili
7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir.
7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.[25]
7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.[26]
II fəsil
Azərbaycan Respublikasının təhsil sistemi
Maddə 8. Təhsil sisteminin quruluşu
8.0. Təhsil sisteminə aşağıdakılar daxildir:
8.0.1. bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri;
8.0.2. təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;
8.0.3. təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi
9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir. [27]
9.2. Təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu ilə müəyyən edilir.
9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq qaydada qiymətləndirilir.[28]
Maddə 10. Təhsil proqramı (kurikulum)
10.1. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
10.2. Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları daxildir.
10.3. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir.
10.4. Təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.5. Əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.
10.6. Əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial bacarıqlarının inkişafını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramları müəyyən edilir və həyata keçirilir.[29]
10.7. Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı müvafiq qanunvericiliyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.
Maddə 11. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər
11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:
11.1.1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq; [30]
11.1.2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
11.1.3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;
11.1.4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;
11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
11.1.6. təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.
11.2. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.
11.3. Təhsil müəssisələrində gənclər arasında insanın immunçatışmazlığı virusu infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir. Təhsilin hər bir pilləsində insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır.[31]
11.3-1. Ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünümüdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər.[32]
11.3-2. Ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil edilir.[33]
11.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.[34]
11.5. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
11.6. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir. [35]
11.7. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.
Maddə 12. Təhsilin formaları
12.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:
12.1.1. formal;
12.1.2. qeyri-formal;
12.1.3. informal.
12.2. Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Təhsilalma formaları
13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:
13.1.1. əyani;
13.1.2. qiyabi;
13.1.3. distant (məsafədən);
13.1.4. sərbəst (eksternat).
13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. [36]
13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.
Maddə 14. Təhsil müəssisəsi
14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir.
14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir:
14.2.1. dövlət;
14.2.2. bələdiyyə;
14.2.3. özəl.
14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.
14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:
14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); [37]
14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər);[38]
14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.);[39]
14.5.4. peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri);[40]
14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər);
14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.);
14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);
14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.). [41]
14.6. Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.
14.7. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.[42]
14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir.[43]
14.8-1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
14.8-1.1. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
14.8-1.2. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
14.8-1.3. dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
14.8-1.4. dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;
14.8-1.5. dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;
14.8-1.6. dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;
14.8-1.7. dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;
14.8-1.8. dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.[44]
14.8-2. Bu Qanunun 14.8-1.3-cü, 14.8-1.5-ci və 14.8-1.6-cı (ali təhsil müəssisələrinə münasibətdə) maddələrində nəzərdə tutulmuş şəxslərin təhsil haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi təhsil xərcləri miqdarında ödənilir.[45]
14.9. Təhsil müəssisəsində, təhsili idarəetmə və digər təhsil orqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
14.10. Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.[46]
14.11. Dövlət ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.
14.12. Təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
14.13. Dövlət bütün təhsil müəssisələrinin, o cümlədən özəl təhsil müəssisələrinin inkişafını qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil müəssisələrinə güzəştlər tətbiq etməklə təmin edir.
14.14. Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərdən aşağı olmamalıdır.
14.15. Təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.
14.16. Təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq ölkənin və xarici dövlətlərin ərazisində filiallar açmaq (dövlət təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaq şərti ilə), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq hüququna malikdir.
14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
14.17-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.[47]
14.18. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.
14.19. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil və peşə təhsili müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. [48]
14.20. Təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir. Psixoloji xidmətin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[49]
Maddə 15. Təhsil müəssisəsinin təsisçisi
15.1. Təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
15.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.[50]
15.3. Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 16. Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası
16.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir. [51]
16.2. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.
16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.[52]
16.4. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - şəhadətnamənin verilməsi ilə başa çatır.[53]
16.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.[54]
Maddə 17. Təhsilin pillələri və səviyyələri
17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur:
17.1.1. Məktəbəqədər təhsil.
17.1.2. Ümumi təhsil:
17.1.2.1. ibtidai təhsil;
17.1.2.2. ümumi orta təhsil;
17.1.2.3. tam orta təhsil.
17.1.3. Peşə təhsili:
17.1.3.1. ilk peşə təhsili;
17.1.3.2. texniki peşə təhsili;
17.1.3.3. yüksək texniki peşə təhsili.[55]
17.1.4. Orta ixtisas təhsili.
17.1.5. Ali təhsil:
17.1.5.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); [56]
17.1.5.2. magistratura (rezidentura); [57]
17.1.5.3. doktorantura (adyunktura). [58]
17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. [59]
17.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
17.4. Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.[60]
Maddə 18. Məktəbəqədər təhsil
18.1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
18.2. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir.
18.3. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. [61]
18.4. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.5. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər.
18.6. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. [62]
18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[63]
Maddə 19. Ümumi təhsil
19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
19.3. Ümumi təhsil müvafiq təhsil proqramları əsasında həyata keçirilir.
19.4. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.[64]
19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, peşə və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər. Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.[65]
19.7. Ümumi təhsil sistemində təhsilalanların idman və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur. [66]
19.8. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar. [67]
19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.[68]
19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. [69]
19.12. Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər. [70]
19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.[71]
19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [72]
19.15. Ümumi orta təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
19.16. Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi - attestat verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır. [73]
19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.[74]
19.18. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramların ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər. [75]
19.19. Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır. [76]
19.20. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi və təhsil haqqında dövlət sənədinin verilməsi məqsədilə ümumi təhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI sinif) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsilalanların yekun attestasiyası keçirilir və nailiyyətlərinə görə təhsilalanlara attestat, fərqlənmə attestatı və xüsusi nümunəli attestat verilir. [77]
19.21. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
Maddə 20. Peşə təhsili[78]
20.1. Peşə təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir.[79]
20.2. Peşə təhsili mülkiyyət formasından asılı olmayaraq peşə təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün lisenziyası olan ayrı-ayrı təşkilatların, müəssisələrin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə-ixtisas dərəcələrinin verilməsi ilə başa çatır.[80]
20.2-1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:
20.2-1.1. ilk peşə təhsili;
20.2-1.2. texniki peşə təhsili;
20.2-1.3. yüksək texniki peşə təhsili.
20.2-2. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.[81]
20.2-3. Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.[82]
20.3. Peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.[83]
20.3-1. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
20.3-2. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır. [84]
20.4. Peşə təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul olunanlar “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna malikdirlər.[85]
20.5. Azərbaycan Respublikasında peşə təhsilinin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[86]
Maddə 21. Orta ixtisas təhsili
21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
21.2. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. [87]
21.2-1. Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[88]
21.3. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir. [89]
21.4. Orta ixtisas təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. [90]
21.5. Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.[91]
Maddə 22. Ali təhsil
22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. [92]
22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: [93]
22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); [94]
22.2.2. magistratura (rezidentura); [95]
22.2.3. doktorantura (adyunktura). [96]
22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [97]
22.3-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur.[98]
22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.5. Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər.[99]
22.5-1. Bu Qanunla magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata şamil edilir.[100]
22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [101]
22.6-1. Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.[102]
22.7. Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu ixtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[103]
22.8. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.[104]
22.9. Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.
22.10. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:
22.10.1. fəlsəfə doktoru (elm sahələri göstərilməklə);
22.10.2. elmlər doktoru (elm sahələri göstərilməklə).
22.11. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
22.12. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.[105]
22.13. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmalı dövlət sənədi – diplom verilir.
22.14. Ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi və elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına, elmi müəssisə və təşkilatlara dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[106]
22.15. Ali təhsil müəssisələrinin kadrlarına elmi və elmi-pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:
22.15.1. dоsent;
22.15.2. professor.
22.16. Dоsent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
22.17. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin və elmi müəssisənin fəхri professor (dоktоr) adı vermək hüququ vardır. Fəхri professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin və elmi müəssisənin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 23. Doktorantura[107]
 
23.1. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. [108]
23.2. Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir. [109]
23.3. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:
23.3.1. Fəlsəfə doktoru - elm sahələri göstərilməklə;
23.3.2. Elmlər doktoru - elm sahələri göstərilməklə.
23.4. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.5. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.[110]
23.6. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi - diplom verilir. [111]
23.7. Ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına, elmi müəssisə və təşkilatlara dissertantların təhkim olunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [112]
23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:
23.8.1. dosent;
23.8.2. professor.
23.9. Dosent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.10. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin və elmi müəssisənin fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. [113]
Maddə 24. Əlavə təhsil
24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. [114]
24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
24.2.1. ixtisasartırma;
24.2.2. kadrların yenidən hazırlanması;
24.2.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;
24.2.4. təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili; [115]
24.2.5. dərəcələrin yüksəldilməsi;
24.2.6. yaşlıların təhsili.
24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.4. Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir.[116]
24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.
Maddə 25. Təhsil sistemində elmi araşdırmalar
25.1. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar, laboratoriyalar və s.) aparılır.
25.2. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi xarakter daşıyır. [117]
25.3. Təhsil sistemində elmi araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müxtəlif fondların vəsaitləri, təhsil müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil olan vəsaitlər hesabına həyata keçirilir.
25.4. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.
Maddə 26. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları
26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.[118]
26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.[119]
26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.[120]
26.3. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
26.3.1. təhsil müəssisəsinin nizamnaməsi;
26.3.2. təhsil sahəsində fəaliyyət üçün lisenziya; [121]
26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
26.4. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır.
26.5. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.[122]
26.5-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[123]
26.5-2. Bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulan olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [124]
26.5-3. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
26.6. Magistraturaya (rezidenturaya) bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. [125]
Maddə 27. Təhsil haqqında dövlət sənədi
27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. [126]
27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. [127]
27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. [128]
Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb xidməti
28.1. Təhsil müəssisəsində iaşə və tibb xidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və normalara uyğun təşkil olunur.
28.2. Təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
28.3. Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir. [129]
III fəsil
Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi
Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri
29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək;
29.0.2. milli təhsil sisteminin inkişafına dair strategiyaları, konsepsiyaları və prioritet inkişaf istiqamətlərini müəyyən etmək; [130]
29.0.3. milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;
29.0.4. kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək; [131]
29.0.5. təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparmaq;
29.0.6. milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək;
29.0.7. təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;
29.0.8. hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini müəyyən etmək;
29.0.9. peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə şagird və tələbə qəbulunu müəyyənləşdirmək;[132]
29.0.10. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;
29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək; [133]
29.0.10-2. orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;
29.0.10-3. peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;[134]
29.0.11. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”, “Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemlərini yaratmaq və onlardan istifadəni təmin etmək;[135]
29.0.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;[136]
29.0.13. dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
29.0.14. dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;
29.0.15. təhsil pilləsinə uyğun olaraq təhsil müəssisələrinin, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etmək; [137]
29.0.16. dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
29.0.17. təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək;
29.0.18. təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək;
29.0.19. təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;
29.0.20. təhsil haqqında dövlət sənədlərinin təsvirlərini və onların verilməsi qaydalarını təsdiq etmək; [138]
29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək;[139]
29.0.22. təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək;
29.0.23. təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;
29.0.24. təhsil müəssisəsinin fəaliyyətinə lisenziya vermək və onu ləğv etmək;
29.0.25. peşə, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq etmək;
29.0.26. təhsil müəssisələrinə elmi-metodik, tədris-metodiki rəhbərliyi və nəzarəti həyata keçirmək;[140]
29.0.27. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
29.0.28. təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və akkreditasiyanı həyata keçirmək;
29.0.28-1. bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun və xidmət haqlarının məbləğini müəyyən etmək;[141]
29.0.29. təhsil müəssisələrində təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlər istisna olmaqla) və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını müəyyən etmək və yekun attestasiyanı həyata keçirmək; [142]
29.0.30. təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
29.0.31. ali təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək, elmi-tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq; [143]
29.0.32. təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;
29.0.33. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək; [144]
29.0.34. elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;
29.0.35. dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;
29.0.36. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək; [145]
29.0.37. təhsil proqramlarını (kurikulumları), tədris planlarını (ali və orta ixtisas təhsili müəssisələri üzrə tədris planları istisna olmaqla) və proqramlarını təsdiq etmək;[146]
29.0.37-1. yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;
29.0.37-2. təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;
29.0.37-3. ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək;
29.0.38. mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
29.0.39. icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
29.0.40. dövlət təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək;[147]
29.0.41. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb edilməsini və sosial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək; [148]
29.0.42. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni təmin etmək;
29.0.42-1. ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxt normasını müəyyən etmək;
29.0.43. dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək; [149]
29.0.44. təhsili idarəetmə orqanlarının və dövlət təhsil müəssisələrinin (adambaşına maliyyələşən təhsil müəssisələri istisna olmaqla) nümunəvi ştatlarını və xərc normalarını müəyyən etmək;
29.0.45. təhsil sisteminin işçiləri üçün dövlət təltiflərini, fəxri adları müəyyənləşdirmək, elmi, pedaqoji fəaliyyəti və yaradıcılığı ilə seçilən təhsilverənlər və yüksək akademik nailiyyətləri ilə fərqlənən təhsilalanlar, o cümlədən respublika fənn olimpiadalarının qalibləri üçün təltiflər, mükafatlar təsis etmək və digər həvəsləndirici tədbirlər görmək.
Maddə 30. Təhsil müəssisəsinin idarə olunması
30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.[150]
30.3. Bələdiyyə və özəl təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.[151]
30.4. Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. [152]
30.5. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.
30.6. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.
30.8. Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.
30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.
Maddə 31. Təhsil prosesinin iştirakçıları
31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları;[153]
31.0.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;[154]
31.0.2-1. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər;[155]
31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr;
31.0.4. təsisçilər, həmçinin təhsili idarəetmə orqanları və bələdiyyələr; [156]
31.0.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.
Maddə 32. Təhsilalanların hüquq və vəzifələri
32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək; [157]
32.3.3. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; [158]
32.3.4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları) seçmək;[159]
32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan kitabxanalardan və s.) istifadə etmək; [160]
32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; [161]
32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; [162]
32.3.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;[163]
32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq (akademik məzuniyyət götürmək); [164]
32.3.13. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək; [165]
32.3.14. dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;[166]
32.3.15. dövlət və bələdiyyə ümumi təhsil və peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;[167]
32.3.16. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;
32.3.18. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;[168]
32.3.18-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;[169]
32.3.18-3. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək;[170]
32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; [171]
32.5.1-2. sağlam həyat tərzi keçirmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri
33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
33.2. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
33.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək; [172]
33.2.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; [173]
33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək; [174]
33.2.6. ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək; [175]
33.2.7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
33.2.8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;
33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
33.3.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; [176]
33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; [177]
33.3.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; [178]
33.3.5-1. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;[179]
33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; [180]
33.3.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; [181]
33.3.8-1. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; [182]
33.3.8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək;[183]
33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:
34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
34.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
34.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:
34.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
34.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
34.2.2-1. təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;[184]
34.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 35. Təhsilalanların sosial müdafiəsi
35.1. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar. [185]
35.2. Dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verilir və yardımlar göstərilir.
35.3. Təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər.
35.4. Özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.
Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi
36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. [186]
36.2. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
36.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi və elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[187]
36.4. Sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur. [188]
36.5. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [189]
36.6. Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.
Maddə 36-1. Pedaqoji fəaliyyətlə məşğul olma[190]
36-1.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
36-1.2. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
36-1.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
36-1.2.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
36-1.2.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
36-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;
36-1.2.5. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər.[191]
36-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Maddə 36-2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)  təhsilverənlərin sertifikatlaşdırılması[192]
36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)  işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.
36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)  işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:
36-2.3.1. hamilə qadınlar;
36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;[193]
36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.[194]
36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.[195]
36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
IV fəsil
Təhsilin iqtisadiyyatı
Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri
37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir.
37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
37.4. Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.
37.5. Təhsil müəssisəsi göstərdiyi xidmətlər (təhsil, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər. [196]
37.6. Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır.
37.7. Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
37.8. Dövlət təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.
37.9. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi
38.1. Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayırır.
38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
38.3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
38.4. Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.5. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
38.6. Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
38.7. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.
38.8. Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.
38.9. Təhsil sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
38.10. Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.[197]
Maddə 39. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri
39.0. Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
39.0.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
39.0.2. ödənişli təhsildən daxil olan vəsaitlər;
39.0.3. hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
39.0.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
39.0.5. təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;
39.0.6. hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
39.0.7. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
39.0.8. təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
39.0.9. təhsil müəssisəsinin beynəxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;
39.0.10. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
Maddə 40. Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi
40.1. Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər;
40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
40.1.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;
40.1.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
40.1.5. təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər;
40.1.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
40.2. Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir.
40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Maddə 41. Təhsil müəssisəsinin sahibkarlıq və innovasiya fəaliyyəti[198]
41.1. Təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər.[199]
41.2. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına, təhsilalanların həvəsləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir. [200]
41.3. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.
41.4. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər. [201]
41.5. Təhsil müəssisəsi işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
Maddə 42. Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi
42.1. Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
42.2. Bu Qanunun 42.1-ci maddəsinə uyğun olaraq iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.[202]
V fəsil
Təhsil sahəsində beynəlxalq əlaqələr
Maddə 43. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq və xarici əlaqələr
43.1. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
43.2. Təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.
43.3. Təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.
43.4. Təhsil müəssisəsinin (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərini gözləməklə müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.
43.5. Təhsil müəssisəsinin birbaşa beynəlxalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.
Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ
44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.[203]
44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.[204]
44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.[205]
44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.
VI fəsil
Keçid və yekun müddəaları
Maddə 45. Qanunun pozulmasına görə məsuliyyət
45.1. Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
45.2. Bu Qanunun 17.4-cü və 44.2-ci maddələrinə əsasən tətbiq edilən xidmət haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitin istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.[206]
Maddə 46. Keçid müddəaları
46.1. Bu Qanun qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi müvafiq sahə üzrə fəlsəfə doktoru dərəcəsinə bərabər tutulur.
46.2. Bu Qanun qüvvəyə minənədək aspiranturada təhsil alan şəxs doktorant statusu əldə edir.
Maddə 47. Qanunun qüvvəyə minməsi
47.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
47.2. Bu Qanunun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 4, maddələr 287, 294, № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5, maddələr 285, 286; 2001-ci il, № 3, maddə 138, № 11, maddə 672, № 12, maddələr 731, 736; 2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 4, maddə 202, № 6, maddə 415; 2007-ci il, № 11, maddə 1049) qüvvədən düşmüş hesab edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il
         
№ 833-IIIQ
Geri